Fransız dili çətindir? Öyrənməyə başlamazdan əvvəl bilməli olduğunuz 5 Mif !
28 fevral 2026
Hamımız bu cümlələri eşitmişik: “Fransız dili çox çətindir”, “Tələffüzü mümkün deyil”, “Yalnız illərlə kursa getsən, öyrənə bilərsən”. Açığı, mən də başlayanda eyni tərəddüdlərlə üz-üzə qalmışdım. Amma gəlin, bu mifləri bu gün birlikdə dağıdaq. Fransız dili haqqında ən çox yayılan yalanlara baxaq:
1. “Tələffüz etmək çox qəlizdir” Doğrudur, bəzən yazılan hərflər oxunmur; məsələn, sözün sonunda gələn -e və ya -s kimi. Amma bir şeyi bilin: Fransız dilində qaydalar çox məntiqlidir. İngilis dilindən fərqli olaraq, hərflərin düzgün səslənməsini və müəyyən hərf birləşmələrini öyrəndikdən sonra artıq düzgün oxumağı bacaracaqsınız. Yəni, sürprizlər yoxdur !
2. “Hər şeyin cinsi var, yadda saxlamaq olmur” Bəli, fransız dilində isimlər ya le (kişi), ya da la (qadın) ilə işlənir. Amma bu, hər kəlməni əzbərləmək demək deyil. Sözlərin sonluğuna baxmaq kifayətdir, 80% halda cinsini düzgün tapırsan. Məsələn, - tion ilə bitən sözlər həmişə qadın cinsində olur. Bax, işin yarısı burda bitdi! 3. “Fransızlar ingiliscə danışanlara qarşıdır” Ən böyük miflərdən biri də budur. Fransızlar öz dillərinə, mədəniyyətlərinə çox bağlıdırlar. Və digərlərindən də buna hörmət göstərilməsini istəyirlər. Bir kafedə birbaşa ingiliscə danışmaq yerinə sadəcə “Bonjour” (Salam) deyə müraciıt etsəniz inanın, münasibətləri tamamilə dəyişir. Qapılar açılır, inanın. 4. “Bu dili öyrənmək üçün Fransada yaşamalıyam” Xeyr! İndi texnologiya var, Fransa mühitini evdə qurmaq lap asandır. Lupin serialına baxmaqla, Stromae , Zaza kimi müğənniləri dinləməklə, telefonunuzu fransız dilinə keçirtməklə siz dil öyrənməyi özünüzə asanlaşdırırsız . 5. “Sıfırdan başlamaq çox vaxt aparır” Əslində, onsuz da bir az fransızca bilirsən! Restoran, şoför, mənzərə, şans, bilet, aksesuar – bunlar gündəlik həyatımızda olan və kökü fransızcadan gələn yüzlərlə sözdür. Sadəcə bu “gizli bazanı” oyatmaq lazımdır. NƏTİCƏ: Fransız dili bir maneə deyil, yeni dünyalara açılan qapıdır. Əsas odur ki, həvəsli olun, mükəmməl olmağa yox, ünsiyyət qurmaq üçün çalışasız. Bəs siz? Fransız dilini öyrənmək üçün sizi ən çox qorxudan nədir və ya sizə nə çətin gəlir? Fikirlərinizi yaz, birlikdə həll edək! Unutmayın, böyük uğurlar zaman, cəsarət və həvəs istər və fransız dilini öyrənməyin yolu ilk 'Bonjour' ilə başlayır. O zaman, bu yola çıxan hər kəsə BONNE CHANCE!
← Bütün yazılar